Ən dadlı indeks- "The Big Mac" index

Dünya üzərində dövlətləri biri digəri ilə müqayisə etmək üçün yüzlərlə, bəlkə minlərlə indeks vardır. Əgər bunu iqtisadiyyat və məzənnə üzərindən götürsək də yenə də saymaqla bitməz, məsələn, ümumdaxili məhsul, ümummilli məhsul, məzənnə nisbəti və s. Daha da spesifik olsaq hər ölkənin məzənnəsinin alıcılıq qabiliyyətini ölçmək üçün də bir neçə indeks var və bunlardan biri Alıcılıq Qabiliyyəti Paritetidir (PPP- purchasing power parity). Indi isə gəlin bunları detallı şəkildə təhlil edək.

Alıcılıq Qabiliyyəti Pariteti nədir? AQP odur ki, müxtəlif ölkələrdə bir əmtəənin və ya bir əmtəə səbətinin dəyərini əsas götürərək ölkələr arasındakı alıcılıq qabiliyyəti müqayisə etmək üçün olan ölçüdür. Daha da sadə dillə desək, məsələn bir maşının qiyməti Azərbaycanda 1000 Manat və Türkiyədə 2000 TL isə o zaman AQP deyir ki, bu iki ölkə arasındakı mübadilə məzənnəsi 1 Manata 2 TL nisbətində olmalıdır. AQP-i ümumi olaraq bir qiymət qanununa (law of one price) əsaslanır, yəni bir əmtəənin qiyməti ticarət zamanı baş verən əlavə xərclərdən (daşınma xərcləri və ya tarif) azad olmalı, və eyni məhsul azad bazar şəraitində müxtəlif ölkələrdə eyni qiymətə satılmalıdır. Bu həm də o deməkdir ki, ticarətçilər arbitraj fərqindən istifadə edərək əlavə gəlir əldə etməsinlər. Beləliklə, AQP-nin daha real nisbət olması üçün yuxarıda vurğuladığım alıcılıq qabiliyyətinə təsir edən faktorlardan azad olmalıdır. İndi isə məqalənin daha dadlı hissəsinə keçid edək.

1986-cı ildən The Economist jurnalı davamlı olaraq The Big Mac index-ini öz jurnallarında dərc etməyə başlayıb. Big Mac indeksi müxtəlif ölkələrin məzənnələrini Amerika dolları ilə müqayisədə ölçən rəsmi olmayan bir indeksdir. Onlar indeksi yaradarkən AQP prinsiplərini əsas götürmüşlər. İlk olaraq onlar bütün ölkələrdə və ya əksəriyyət ölkələrdə satılan bir əmtəə tapmağa çalışmış, və McDonald’s-ın Big Mac’i seçmişlər.  Bunu seçməkdə səbəb Big Mac-in inqridientlərinin müxtəlif ölkələrdə az fərqlə fərqlənməsi və onların bir əmtəə səbəti təşkil etməsidir və bütün bunlar bu məhsuldan istifadəni əlverişli edir.

Big Mac indeksin hesablanması çox sadədir. Bildiyimiz kimi, Big Mac-in qiyməti hər ölkədə fərqlidir, məsələn Azərbaycanda qiyməti 3.95 AZN (mənbə: mcdonalds.az), ABŞ-da isə 5.71 dollardır. İndeksi hesablamaq üçün sadəcə olaraq Azərbaycandakı BM-in qiymətini ABŞ-dakına nisbətini tapmaq lazımdır. Şəkildən göründüyü kimi biz 0.62/1 nisbətini əldə edirik. Biz bu nisbəti faktiki məzənnə ilə müqayisə etsək, AZN-nin artıq dəyərlandirildiyini və ya az dəyərləndirildiyini öyrənə bilərik. Bildiyimiz kimi 1 USD 1.70 AZN (mənbə: CBAR) təşkil edir, və bunu BM indeksi ilə müqayisə etsək 63.5% (((1.7-0.62)/1.7)*100) az dəyərləndirildiyini görə bilərik. Yəni BM indeksinə görə 1 dollar 62 qəpik olmalıdır.

Gördüyümüz kimi Big Mac indeks məzənnəyə rahat və əlverişli anlam verir, amma bu indeks bütün reallığı əks etdirmədiyindən istifadəsi o qədər də əlverişli deyil. İndeksə olan bəzi kritisizmlər bunlardır- Big Mac-in istehlakçıya çatana qədər mərhələdə olan xərcləri hər ölkədə fərqlidir, Big Mac-in qiyməti şəhər mərkəzi ilə daha uzaq məntəqə arasında fərqlənə bilər. Bu indeks ildə 2 dəfə olmaqla yanvar və iyul aylarinda bir çox ölkə üçün hesablanır. The Big Mac Index bura daxil olmaqla müxtalif ölkələr üzrə məlumatı tapa bilərsiniz. Big Mac indeksindən əlavə başqa buna bənzər indekslər də vardır, məsələn IPad indeks, KFC indeks, və bunlar digər dadlı məqalələrimizə mövzu ola bilərlər :)


Original link: https://www.economist.com/news/2020/07/15/the-big-mac-index

Logo mənbəyi: https://seeklogo.com/


Yorum Gönder

0 Yorumlar