Göydələnlər və Böhranlar

   

    Göydələnlərin iqtisadiyyata olan təsirləri barədə heç düşünmüsünüz? İlk növbədə göydələnlərdə yerləşən ofislər ağlınıza gələ bilər, sonra qalstuklu insanlar və bəlkə də əhalinin top 1% və ya 10% insanını xatırlada bilər. Amma bu günkü mövzumuz bunlar deyil, göydələnlərin bizneslərin özlərinə və ümumi iqtisadiyyata olan maraqlı korrelasiyasından danışacayıq.

    Barclay’s bankında iqtisadçı kimi çalışan Andrew Lawrence “Göydələn indeksi” adlı bir göstərici irəli sürür. Bu, indeksdən daha çox dünyanın ən hündür binalarının tikintisinin bitmə vaxtı ilə maliyyə krizislərinin əlaqəli olduğunu göstərən bir təsviri zaman qrafikidir. Indeksin gələcəkdə olacaq enişi təxmin etmə qabiliyyəti surpriz bir nəticəyə oxşayır. Buna misal olaraq, 1907-ci il bank panikasını Singer Building (tikintisi 1908-ci ildə bitib) və Metropolitan Life Building (tikintisi 1909-cu ildə bitib) binalarının tikintisi, hətta Böyük Depresiyanı (Great Depression) da 40 Wall Tower-in 1929, Chrysler Building-in 1930, Empire State Building-in 1931-ci ildə tamamlanması ilə bağlandırmaq olar. Bunlara baxmayaraq bu indeksin tətbiqində istisnalar var, burdan o sual doğur ki bu indeks nə dərəcədə doğru təxmin edir? İkinci sual o da ola bilər ki, biznes dövrləri və göydələnlər arasında əlaqə hansı istiqamətdədir? 

Bu hər birimizə aydındır ki, sadəcə binaların tikintisinin başlanması və bitməsi iqtisadi eniş və qalxmalara səbəb olmur, amma bu qanunauyğunluq ilə iqtisadi canlanma və geriləmə arasında əlaqə vardır. Lawrence’ə görə rekord qıran göydələnlərin tikintisinin ardınca iqtisadi çaxnaşmalar gəlir, biz isə ümumi şəkildə baxsaq görərik ki, bu hündür binaların tikintisinin planı və ya tikintisinə başlanması biznes dövrünün böyümə hissəsinə və ya pik hissəsinə doğru yaxınlaşdıqca baş verir. Buna digər tərəfdən baxsaq, Austrian iqtisadi məktəbinin biznes dövrü nəzəriyyəsinə əsasən, mərkəzi bank iqtisadiyyatı daha da gücləndirmək istəyirsə və ya iqtisadiyyata olan investisiyaların artmasını istəyirsə o zaman genişlənən pul siyasəti həyata keçirir, və “Kantillon effekt”-ə (“Cantillon effect”) görə əgər iqtisadiyyatda genişlənmə varsa onda bu genişlənmədən ilk olaraq varlı qisim faydalanır. Bildiyimiz kimi, bütün bu rekord qıran göydələnlərin sahibləri ölkənin ən varlı biznesmenləri və şirkətləridir, onlar əllərinə keçəcək olan bu pulları hara gəldi investisiya etməyə başlayırlar, və nəticədə ölkədə malinvestisiya ortaya çıxır. Bu şirkətlər biznes dövrünün sonuna yaxınlaşdıqca öz investisiya planlarını açıqlayır və haqqında danışdığımız bu göydələnlərin tikintisinə başlayırlar, eyni zamanda, həm də bu güc göstəri kimi də görsənə bilər. Bütün bu “xoş günlər” investisiyalara səbəb olan güzəştlərin bitməsi ilə sona gəlir. Mərkəzi bank iqtisadiyyatdan pul çəkməyə başladıqca iqtisadiyyat tənəzzülə başlayır. Beləliklə, bu binaların tikintisi bitir və bundan dərhal sonra böhran başlayır. Bu hadisələrin ardıcıllığına baxsaq görərik ki, tənəzzülə binaların tikintisi yox da iqtisadiyyatda baş verən digər hadisələr səbəb olur, göydələn ilə böhran sadəcə dondurma satışı artması ilə dənizdə boğulanlar arasındakı əlaqəyə oxşayır.

Məqalə boyu araşdırmamızdan aydın olduğu kimi göydələnlər sadəcə iqtisadiyyatın yaxşı olduğu vaxtlar tikilir və böhrana təsirləri yoxdur, amma böhranın bu binaların tikintisinə təsiri çoxdur, iqtisadiyyat zəiflədiyin zaman bu binaların tikintisi yarımçıq qalır. Gələcəkdə tikiləcək olan binaları nəzərə alsaq demək ki, əgər nəzəriyyə doğrudursa, hələ bizləri çox böhranlar gözləyir, amma əlbəttə ki buna səbəb binalar deyil.

İstinadlar:  Jason Barr, Bruce Mizrach & Kusum Mundra (2015) Skyscraper height and the business cycle: separating myth from reality, Applied Economics, 47:2, 148-160, DOI: 10.1080/00036846.2014.967380

Mark Thornton - Skyscrapers and Business Cycles (2005)


Yorum Gönder

0 Yorumlar